Son zamanlar sportinfo.az saytı “Karvan” futbol klubu haqqında həqiqətə uyğun olmayan, əsassız xəbərlər yaymaqda davam edir. Xatırlatmaq istəyirik ki, komandamız Misli Premyer Liqasının 6-cı turunda “Neftçi” futbol klubu ilə baş tutacaq görüşə hazırlıqlarını davam etdirir. Komandamızın üzvləri gün ərzində iki dəfə təşkil olunan məşq prosesində məşqçilərin verdiyi tapşırıqları yüksək səylə yerinə yetirirlər. Məşqlərimiz “Karvan” futbol klubunun məşq bazasında baş tutur. Qeyd edək ki, komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur. Klubumuzun üzvlərinin əmək haqqları ştat cədvəlinə uyğun olaraq sentyabrın 3-də rəhbərliyimiz tərəfindən tam şəkildə ödənilib. Bununla yanaşı, “Qəbələ” klubu ilə heç heçə və “Kəpəz” komandası üzərində qazanılan qələbəyə görə klub rəhbərliyi tərəfindən futbolçular, məşqçilər və inzibati heyətə mükafatlar da verilib. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar mütəmadi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanır. Bütün bunları nəzərə alaraq ictimaiyyətə yalan məlumatlar verən sportinfo.az saytının klub rəhbərliyimizdən üzr istəməsini tələb edirik. Əks halda məlum sayt barədə müvafiq ölçü götürülməsi üçün klubumuz tərəfindən məhkəməyə müraciət olunacaq.
